Loading

Tədbirlər
Ulduz Şokolad Fabriki daha bir sərgidə uğurla təmsil olunub

“Ulduz” şokolad fabriki fevralın 18-də Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində təşkil olunmuş sərgidə iştirak edib. Özünün keyfiyyətli və geniş çeşidli məhsulları ilə uğurla təmsil olunan fabrik sərgi iştirakçılarına fəaliyyətini əks etdirən maarifləndirici və məlumatlandırıcı bukletlər, kataloqlar təqdim edib.  Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və qonaqlar fabrikin stendi qarşısında ayaq saxlayaraq fəaliyyət istiqamətləri və məhsullarla yaxından tanış olublar. İcra başçısına bildirilib ki, ötən il quraşdırlan yeni avadanlıqlar fabrikin istehsal gücünün 1 saatda 3400 kq-a çatmasına şərait yaradıb. Bunun nəticəsində istehsal potensialı nəzərə çarpacaq dərəcədə artırılacaq. Bu da yeni iş yerlərinin açılması və Nizami rayonunda yaşayan əmək qabiliyyətli insanların işlə təmin olunmasına şərait yaradacaq. Sərgi iştirakçılarına bildirilib ki, fabrik öz strateji hədəfini əsasən ixracat üzərində qurub. Bunun nəticəsi olaraq “Ulduz” fabrikinin şokoladları Rusiya, Türkmənistan, Monqolustan, Bolqarıstan, Latviya, Gürcüstan, BƏƏ, İsrail, Belarusiya, Ukrayna kimi xarici ölkələrə ixrac olunur. Yaxın gələcəkdə isə istehsal potensialını nəzərə alaraq ixrac olunacaq ölkələrin siyahısının artırılması planlaşdırılır. Məhz ixrac potensialının artırılması və Azərbaycan məhsulunun xarici bazarlarda yer tutması üçün ötən il ərzində beynəlxalq qida sərgilərində iştirak edilib. Bunlara misal olaraq Moskva, Dubay və Almaniyada keçirilən qida sərgilərini göstərmək olar.  Qeyd edək ki, Prezident Administrasiyasının nümayəndələri, millət vəkilləri, respublikanın tanınmış şəxsləri və ziyalıların iştirak etdiyi sərgi Nizami rayonunun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı çərçivəsində təşkil olunmuşdu.  Xatırladaq ki, “Ulduz” fabriki 2001-ci ildə təsis edilib və qida istehsalı üzrə fəaliyyət göstərir. Fabrikin əsas fəaliyyət istiqaməti şokolad istehsalıdır. Fabrik Almaniya və digər aparıcı Avropa ölkələrindən gətirilən, beynəlxalq standartların tələblərinə cavab verən, müasir avadanlıqlarla təchiz olunub. Hazırda bazara 20-dən artıq adda və 100-ə yaxın çeşiddə məhsul istehsal edən fabrikin əsas məqsədi keyfiyyətli və rəqabət qabiliyyətli məhsul istehsal etməkdir.