Loading

Press-Relizlər
Millət Vəkillərindən ibarət nümayəndə heyəti Ulduz şokolad fabrikinə səfər ediblər

Ölkədə sahibkarlara yaradılan münbit şərait, əlverişli iqtisadi mühit və möhkəm hüquqi əsasları olan qanunvericilik bazası iqtisadiyyatın bütün sahələrində olduğu kimi, qida sənayesinin də inkişafına təkan verir. Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğı, sahibkarların müdafiəsi ilə bağlı etdiyi son çıxışları, müvafiq fərman və sərəncamları ölkə sahibkarlarına bir daha ruh yüksəkliyi və ümid verir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili, akademik Ziyad Səmədzadənin başçılıq etdiyi nümayəndə heyəti “Veysəloğlu” Şirkətlər Qrupuna səfər edib.  Millət vəkilləri Mahir Abbaszadə və Tahir Mirkişilinin də daxil olduğu nümayəndə heyətinin şirkətə səfərində məqsəd ölkə başçısının sahibkarlığın inkişafina göstərdiyi diqqət və qayğı, yerli istehsalın stimullaşdırılması, bu istiqamətdə olan maneələrin aradan qaldırılması, iş adamlarına lazımi köməkliyin göstərilməsi ilə bağlı verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrası və onları maraqlandıran məsələlərlə yaxından tanış olmaqdır. Komitə üzvləri səfər proqramı çərçivəsində “Ulduz” şokolad fabrikinə gələrək burada yaradılmış iş yerləri və istehsalat prosesi ilə yaxından tanış olublar. Millət vəkillərinə məlumat verilərək bildirilib ki, Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar “Azərbaycan malı” adı altında dünyanın 20-yə yaxın ölkəsinə ixrac olunaraq hər il keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Fabrik rəhbərliyi həmçinin bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi xüsusi diqqət və verdiyi dəstək nəticəsində müəssisənin istehsal gücü bir neçə dəfə artırılıb. Millət vəkilləri istehsalat prosesini izlədikdən sonra “Veysəloğlu” Şirkətlər Qrupunun anbar infrastrukturu ilə də yaxından tanış olublar. Burada qonaqlara məlumat verilərək bildirilib ki, ən müasir avadanlıqlarla təchiz olunmuş qida və qeyri-qida məhsullarının saxlanılması üçün inşa edilmiş anbar binası bu sahədə ixtisaslaşmış mütəxəssislər tərəfindən hazırlanıb və ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Səfər proqramında millət vəkillərinə “Veysəloğlu” Şirkətlər Qrupunun fəaliyyətini əks etdirən video-rolik nümayiş etdirilib. Görüşdə qonaqlarla şirkətin qeyri-neft sektorunun inkişafı, iş adamlarına göstərilən dövlət qayğısı, ölkə başçısının yerli sahibkarlığın inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlar, qarşıda duran vəzifələr, mövcud çətinliklər və perspektivlər barəsində geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda komitə sədri Ziyad Səmədzadə qeyri-neft sektorunun, o cümlədən yerli sahibkarlığın inkişaf etdirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması, yeni iş yerlərinin açılmasının daim ölkə başçısının diqqət mərkəzində olduğunu və bu istiqamətdə iş adamlarına lazımi şəraitin yaradılacağını vurğulayıb. Şirkət rəhbərliyi isə öz növbəsində ölkəmizdə biznes mühitinin daha da yaxşılaşması, ölkə başçısı cənab İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi dəstəyin sahibkarların fəaliyyəti üçün bir stimul olduğunu, iş adamlarına göstərilən dövlət qayğısının, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən müxtəlif dövlət proqramları və tətbiq olunan güzəştlərin özəl sektora ölkə rəhbərinin xüsusi diqqətindən xəbər verdiyini və bu addımların qısa bir müddət ərzində ölkə itisadiyyatına öz müsbət tövfəsini verəcəyinə əmin olduğunu bildirib.