Loading

Press-Relizlər
ULDUZ şokolad fabriki yeni qiymət siyasətini müəyyən etdi

Əsası müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan sahibkarlarına diqqət və qayğı çox keçmir ki, özünü inkişaf edən ölkə iqtisadiyyatında göstərir. Ölkəmizdə sahibkarlara yaradılan münbit şərait, əlverişli iqtisadi mühit və möhkəm hüquqi əsasları olan qanunvericilik bazası iqtisadiyyatın bütün sahələrində olduğu kimi, qida sənayesinin də inkişafına təkan verir. 1994-cü ildən fəaliyyətə başlamış “Veysəloğlu” satış və distribüter şirkətinin əsas fəaliyyəti ölkə bazarında yüksək keyfiyyətli satış xidməti göstərməkdir. Şirkət əməkdaşlıq etdiyi xarici istehsalçı fabriklərlə distribüterlik səviyyəsində çalışaraq, idxal edilən məhsulların keyfiyyətinə xüsusi önəm verir. Dünya ölkələrinin fabriklərindən idxal edilən məhsulların keyfiyyəti qəbul edilmiş beynəlxalq təhlükəsizlik standartlarına, sanitar-gigiyenik norma və qaydalarına, habelə Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə olan normativlərinə cavab verir. Şirkət əlverişli iqtisadi mühit şəraitində daha da inkişaf edərək özünün istehsalat sahələrini yaradıb. Belə ki, 2001-ci ildə “Ulduz” şokolad fabrikinin fəaliyyətə başlamasını müstəqil Azərbaycan iqtisadiyyatında qənnadı və yeyinti sənayesinin uğuru kimi dəyərləndirmək olar. Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar dünyanın bir çox ölkəsinə ixrac olunaraq hər il keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Əsas məqsədi yerli və xarici bazarlara beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli “Azərbaycan malı” adı altında məhsullar təqdim etməkdir. Ölkə başçısı cənab İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi dəstək nəticəsində müəssisənin istehsal gücü bir neçə dəfə artırılıb. Son illər dünyada baş verən iqtisadi böhran, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ölkə iqtisadiyyatına da öz təsirini göstərib. Hazırda bütün dünyada, həmçinin Azərbaycanda milli valyutaların dəyərdən düşməsi və qiymətlərin bahalaşması prosesi gedir. Manatın mövcud devalvasiyası və üzən məzənnə siyasətinə keçməsindən sonra şirkət özünün qiymət siyasətinə yenidən baxmaq məcburiyyətində qalıb. “Veysəloğlu” MMC-nin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması, baş vermiş devalvasiya şirkət üçün də bir sıra çətinliklər yaradıb. Eyni zamanda xammal idxalında yaranmış qiymət artımı “Ulduz” şokolad fabrikinə də təsirsiz ötüşmədi. Yerli istehsalda xammalı xarici ölkələrdən gətirilərək idxala bağlı olan müəssisələr vardır ki, “Ulduz” fabriki də belə müəssisələrdəndir. Bu gün fabrik özünün məhsul istehsalında istifadə etdiyi xammal ehtiyatının böyük hissəsini idxal üzərindən həyata keçirir. Yaranmış vəziyyətlə bağlı “Veysəloğlu” şirkəti xaricdən idxal edilərək ölkəyə gətirilən mallara 30%-dək, “Ulduz” fabrikinin istehsal etdiyi məhsullara isə 20%-dək qiymət artımını yolverilən hesab edir. Qeyd etmək istərdik ki, bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib.